Ukrayna Rusiyanın kiber-casusluq obyektini vurdu  

17:57 02.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Stavropol vilayətində pilotsuz təyyarələr ölkənin kosmik kəşfiyyatının “Zvezda” obyekti kimi tanınan hərbi hissəsinə hücum edib. Həmin obyekt kiber-casusluqla məşğuldur.

Hafta.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin(DMM) rəhbəri Andrey Kovalenko bildirib.

"Naməlum pilotsuz uçuş aparatları Rusiya kosmik kəşfiyyatının Stavropol diyarındakı "Zvezda" obyekti kimi tanınan hərbi hissəsinə uçub. Bu bölmə Rusiya kosmik elektron kəşfiyyat sisteminin əsas stansiyalarından biridir", - DMM rəhbərinin bəyanatında deyilir.

Kovalenko bildirib ki, bu sistem 1970-ci illərin əvvəllərində "Zvezda" kod adı ilə yaranıb. O, peyklərdən gələn siqnalların qlobal tutulması, qitələrarası rabitə və xarici hərbi obyektlər arasında siqnal mübadiləsi üçün nəzərdə tutulub.

Qeyd olunur ki, “Zvezda” qurğusu əslində kosmik məlumatların təhlili mərkəzidir. O, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin strukturuna daxildir. Obyekt orbitdən gələn siqnalların, xarici peyk rabitə sistemlərinin (o cümlədən kommersiya) elektron müşahidəsi üzrə ixtisaslaşmışdır.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin sözlərinə görə, bu gün “Zvezda” obyekti təkcə texniki baza deyil, həm də Rusiya kəşfiyyatının strateji arxitekturasının bir hissəsidir. O, hərbi zonalarda vəziyyətin monitorinqi və infromasiya-psixoloji savaş üçün məlumatların hazırlanmasından ötrü istifadə olunur. O, kiber-casusluqda iştirak edir.

Yeri gəlmişkən, aprelin 30-na keçən gecə Ukraynanın pilotsuz təyyarələri Rusiyanın Vladimir vilayətində düşmən ordusunu təchiz edən "Murom" cihazqayırma zavodunu vurub.

Xatırladılır ki, bundan bir neçə gün əvvəl, aprelin 28-də pilotsuz təyyarələr Bryanskdakı "Kremnoy El" mikroelektronika zavoduna hücum edib. O, raket sistemləri, raketlər, radarlar, elektron müharibə və Rusiya pilotsuz təyyarələri üçün mikroelektronika istehsal edir.